CƏMİYYƏT


Futbol oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək

“Qarabağ” və “Qalatasaray” futbol klubları arasında oyunla əlaqədar “Bakı Metropoliteni”nin iş rejimində dəyişiklik ediləcək.
“Bakı Metropoliteni”ndən AZƏRTAC-a bildirilib ki, gün ərzində qatarların hərəkəti “28 May-Həzi Aslanov” istiqamətində 2,5 dəqiqə intervalla təmin olunacaq.
Sərnişin sıxlığı yaranacağı təqdirdə, müvafiq tənzimləmə məqsədilə xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
Axşam saatlarına doğru “Koroğlu” stansiyası gücləndirilmiş iş rejiminə keçiriləcək. Növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq. Əsas məqsəd sərnişinlərin stansiya daxilində arenaya doğru səmti daha rahat müəyyən etməsi, oyundan sonra isə marşrutlar üzrə qatarlara daha rahat minib hərəkətini təmin etməkdir.