İQTİSADİYYAT


Qax rayonunun Qaxbaş kəndinin mərkəzi küçəsi yenidən qurulub

Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Qaxbaş kəndinin mərkəzi yolu olan İmam Mustafayev küçəsi əsaslı şəkildə yenidən qurulub.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İmam Mustafayev küçəsi Qaxbaş kəndinin əsas yollarından biri olmaqla uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunurdu. Əsasən çınqıl örtüklü və torpaq əsaslı olan yolda xüsusən payız-qış aylarında avtonəqəliyyat vasitələrinin və vətəndaşların hərəkətində çətinliklər yaşanırdı.
Dövlət başçısının Sərəncamına uyğun olaraq aparılan yenidənqurma işləri ilə bu problem aradan qaldırılıb. 1.1 kilometr uzunluğa malik İmam Mustafayev küçəsinin hərəkət hissəsinin eni ortalama 7.5-8 metr olmaqla yol yatağının eni 10-12 metr təşkil edir.