“ASAN xidmət”in uğurları BMT-yə üzv dövlətlərlə paylaşılıb
30.03.2023 [12:58]
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Təşkilatın İqtisadi və Sosial Şurasının (ECOSOC) Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 22-ci sessiyası keçirilib.
Tədbirdə Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin üzvləri, idarəetmə sahəsində ixtisaslaşmış bir sıra beynəlxalq təşkilatların nümayəndələri və BMT-yə üzv ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “DİM-ə nail olmaq və davamlı inkişaf üçün BMT-nin səmərəli idarəçilik prinsiplərinin tətbiqi” mövzusunda çıxışı edib. O, çıxışında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət islahatlarının tərkib hissəsi olaraq “ASAN xidmət”in yaradılmasından, mərkəzlərdə xidmətin keyfiyyətinin ölçülməsi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində aparılan işlərdən və DİM-ə uyğun olan təcrübədən bəhs edib.