CƏMİYYƏT
Bəzi tibb müəssisələrində rentgen müayinə fəaliyyəti dayandırılıb
03.04.2023 [13:19]
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkədə nüvə və radioloji təhlükəsizliyin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların mövcud olduğu bir sıra tibb müəssisələrində nəzarət-yoxlama tədbirləri həyata keçirilib.
Keçirilən tədbirlər nəticəsində qanunvericiliyin tələblərinə uyğun olaraq nöqsanlar aşkar edilmiş, o cümlədən radiasiya təhlükəsizliyi tələblərinə riayət edilməməsi və “xüsusi icazə”nin olmaması səbəbindən müvafiq olaraq Bakı şəhərində yerləşən 19 nömrəli Uşaq və 2 nömrəli Şəhər poliklinikalarında rentgen kabinetlərinin fəaliyyəti, 20 nömrəli Uşaq, 35 və 37 nömrəli Şəhər poliklinikalarında rentgen avadanlıqlarının istismarı dayandırılıb.