İQTİSADİYYAT


“Halal” kolbasa və sosiskalarla bağlı AÇIQLAMA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb.
Ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Belə ki, cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib.

6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.
Nəzarət tədbirləri zamanı həmçinin, “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.