ELM VƏ TƏHSİL


Daha 13 çinli Azərbaycan dili ixtisası üzrə təhsil almağa başlayıb

Çinin nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili ixtisasına növbəti tələbə qəbulu keçirilib.

AZƏRTAC xəbər verir ki, Çinin ümumrespublika ali məktəblərə qəbul imtahanında uğurlu nəticələrlə Azərbaycan dili ixtisasına qəbul olunmuş 13 tələbə sentyabrın 11-də dərslərə başlayıblar. Həmin tələbələrə bakalavr təhsili üzrə qarşıdakı 4 tədris ilində Azərbaycan dili fənləri ilə yanaşı, milli ədəbiyyatımızı, ölkəmizin tarixini, mədəniyyətini, müasir inkişafını əhatə edən fənlər də tədris olunacaq, Azərbaycanla bağlı elmi tədbirlər keçiriləcək. Tədris proqramına uyğun olaraq tələbələrin bir il tərəfdaş Azərbaycan universitetlərində oxumaları da nəzərdə tutulub.