CƏMİYYƏT


Piyada keçidindən istifadə etməyənlərə xəbərdarlıq edildi

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları piyada məsuliyyətinin artırılması və onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçirib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Xırdalan şəhəri, eləcə də Masazır, Saray, Mehdiabad, Qobu, Hökməli qəsəbələrində təşkil olunan tədbirlər zamanı yaxınlıqda yerləşən piyada keçidlərindən istifadə etməyən, avtomobillərin intensiv hərəkət etdiyi yolda özləri ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına riayət etməyin əhəmiyyəti barədə ətraflı məlumatlar verilib. Analoji tədbirlərin Abşeron rayonunda mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulur.