CƏMİYYƏT
Azərbaycanın Çindəki səfirliyində anım mərasimi keçirilib
20.01.2024 [14:45]
Azərbaycanın Çindəki səfirliyində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım mərasimi keçirilib. Çində yaşayan soydaşlarımızın iştirak etdikləri tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov 20 Yanvar faciəsinin səbəblərini və o zaman hökm sürən ictimai-siyasi vəziyyətlə bağlı geniş məlumat verib. Bildirib ki, yaddaşlarımıza qanlı gecə kimi həkk olunan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə misilsiz qətliam törədilib. Dövlətin öz əliyalın vətəndaşlarının üzərinə xüsusi təlim keçmiş hərbi birləşmələr, tanklar, ağır zirehli texnika göndərməsi, dinc əhalinin gülləbaran edilməsi qanlı cinayət idi. SSRİ rəhbərliyi qətliamı gizlətməyə çalışsa da, Heydər Əliyevin qətiyyəti nəticəsində bu faciə dünya ictimaiyyətinin diqqətinə olduğu kimi çatdırıldı, ona hüquqi-siyasi qiymət verildi.