Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bağanis-Ayrım həqiqətləri: Diri-diri yandırılanlardan biri 39 günlük körpə olub

24.03.2024 [18:34]

Qazaxın Bağanıs-Ayrım kəndi ötən əsrin sonunda ermənilərin Azərbaycan torpaqlarının işğal siyasətinin ilk qurbanı olan bir kənd kimi tarixə düşməklə yanaşı, həm də dünyanın ən böyük dəhşəti və faciəsindən birinin yaşandığı məkandır.
Bu gün tarix sübut edir ki, Bağanıs-Ayrımda baş verənlər ermənilərin Azərbaycan torpaqlarında törətdiyi qətliamla yanaşı, analoqu olmayan bir faciə idi. Bu qətliamdan bizi 34 illik bir zaman kəsiyi ayırır. Belə ki, 1990-cı il martın 23-dən 24-nə keçən gecə ermənilər bağanıs-ayrımlılara amansız bir divan tutdular. Yaşlılara, qadınlara, uşaqlara belə aman vermədən, kənd gülləbaran edildi, 10 nəfər ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla öldürüldü. Dünya ermənilərin görünməyən zülmünün, xüsusi qəddarlığının ilk dəfə məhz o gecə şahidi oldu.