Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRTAC XƏBƏR VERİR: Xocalıda insan qalıqları aşkarlanıb

30.03.2024 [19:14]

Martın 28-də Xocalı şəhərinin Qaladərəsi adlanan hissəsində yerləşən su anbarının yaxınlığında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə insana məxsus olması ehtimal edilən sümük fraqmentləri və qalıqların aşkarlanması barədə Xocalı Rayon Prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.