SİYASƏT


AZƏRTAC XƏBƏR VERİR: Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Mövlud Cavuşoğluya ölkəmizdə böyük hörmət bəsləndiyini vurğulayaraq, onun bütün dövrlərdə Azərbaycanın yanında olmasını yüksək qiymətləndirdiyini bildirdi və xalqımızın bunu çox dəyərləndirdiyini qeyd etdi. Prezident İlham Əliyev vurğuladı ki, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı Mövlud Çavuşoğlu müntəzəm surətdə çox önəmli açıqlamalar verib. O, bütün dünyaya Türkiyənin səsini çatdırıb ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bu açıqlamalar öz növbəsində Azərbaycanın işinə qarışmaq istəyən qüvvələrin qarşısının alınmasında önəmli rol oynayıb.