ORDU
DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Mayın 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib. Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Çıxış edənlər gənc əsgərlərə nümunəvi hərbi qulluqçu kimi dövlətə, xalqa və tariximizin ən böyük sərkərdəsi Müzəffər Ali Baş Komandana sadiq, cəsur, nizam-intizamlı olmağı, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Vətən sərhədlərini göz bəbəyi kimi qorumağı, əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.
Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra DSX-nın rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.
Dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini üzərilərinə götürən gənc əsgərlər Hərbi Anda daim sadiq qalacaqlarını əminliklə ifadə ediblər.
Gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə mərasimin rəsmi hissəsi yekunlaşıb.