Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

28.05.2024 [17:05]

28 May - Müstəqillik Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. Şəxsi heyət, ictimaiyyət və Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib. Tədbirlərdə hərbi qulluqçular üçün ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar təşkil olunub, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və müdafiə nazirinin 28 May - Müstəqillik Günü münasibətilə təbrikləri şəxsi heyətə çatdırılıb.