ORDU


Növbəti “Zabit ixtisas hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində növbəti “Zabit ixtisas hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib. Mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev məzunları salamlayaraq onları leytenant hərbi rütbəsinə layiq görülmələri münasibətilə Azərbaycan Respublikasının müdafiə naziri və öz adından təbrik edib. Gənc zabitlərə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayan general-polkovnik K.Vəliyev onlara seçdikləri şərəfli yolda xidmətlərini nizamnamələrin tələblərinə uyğun qurmağı, ədalətli olmağı, Vətənə sədaqətlə xidmət etməyi, tabeliklərində olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində məsuliyyətlə çalışmalarını tövsiyə edib.