MƏDƏNİYYƏT


Parisdə azərbaycanlı Fransa qəhrəmanı Əhmədiyyə Cəbrayılova həsr edilmiş filmin nümayişi olub

Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılova həsr olunmuş “O, Xarqo idi” adlı sənədli filmi nümayiş etdirilib. Sənədli filmin nümayişi Azərbaycan səfirliyinin təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin “Salnamə” film kinostudiyasının istehsal etdiyi sənədli filmin təqdimatında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Fransanın Azərbaycandakı keçmiş səfirləri Jan Perrən və Şantal Puare, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, “O, Xarqo idi” sənədli filminin ssenarist və rejissoru Tahir Tahiroviç və Əhmədiyyə Cəbrayılovun nəvəsi Müşfiq Cəbrayılov, fransız siyasətçiləri və incəsənət xadimləri, azərbaycanlı diplomatlar, eləcə də yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.