Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib

25.08.2024 [19:08]

Xəbərin mətni

Formula-1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, FHN-in Baş əməliyyat idarəsi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan təlimin keçirilməsində məqsəd yarışlar zamanı baş verə biləcək yanğınların qarşısının alınması və onun fəsadlarının çevik şəkildə aradan qaldırılması üçün marşalların bacarıq və təcrübələrinin artırılması olub.

Nəzəri və praktiki hissələrdən ibarət təlimdə 200 nəfərə yaxın marşal iştirak edib ki, onlardan 68 nəfərini FHN-in peşəkar yanğınsöndürən və xilasediciləri təşkil edir.

Təlimin nəzəri hissəsində tədbir iştirakçılarına Bakı Şəhər Halqasının yanğınsöndürən marşallar komandası tərəfindən yanğın təhlükəsizliyi, mümkün belə hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bacarıqlarının möhkəmləndirilməsi məqsədilə təqdimatlar edilib.