CƏMİYYƏT
Vətəndaşların bank kartlarından 500 min manata yaxın pul vəsaiti oğurlayan kiberşəbəkə ifşa edilib
Daxili İşlər Nazirliyinə son dövrlər ödəniş sistemləri, onlayn alış-veriş saytları və digər internet resurslarında yeni texnoloji vasitələrdən istifadə olunmaqla müştərilərin kart məlumatlarının ələ keçirilərək pul vəsaitlərinin oğurlandığı barədə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər edilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən internet resurslarında aparılan araşdırmalar nəticəsində həyata keçirilən əməliyyat-texniki tədbirlərlə sosial şəbəkələrdə qanunsuz şəkildə fəaliyyət göstərərək fişinq yolu ilə vətəndaşların kart məlumatlarını əldə edərək xüsusilə külli miqdarda pul vəsaitləri oğurlayan daha bir dəstənin üzvləri Ərtoğrul Akdemir, Şamxal Abbasov, Qnyaz Həsənov və Sabir Hümmətzadə saxlanılıb.