Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-da “təhsil” alan erməniəsilli terroristi Ermənistan himayə edir

03.09.2024 [19:03]

21 yaşlı tələbə Aram Bransonun dırnaqarası fəaliyyəti ötən il yataqxanada yanğına səbəb olduqdan sonra ortaya çıxıb. Onun yaşadığı evdən partlayıcı hazırlamaq üçün istifadə edilən kimyəvi maddələr aşkar edilib. Aram Qarabağda yaşayan ermənilərə kömək etmək üçün partlayıcı maddələr istehsal etdiyi, izləyicilərinə bomba hazırlamağı öyrətdiyi, bir qrup insanı necə formalaşdırmaq, maliyyələşdirmək və silahlandırmaq yollarını müzakirə etdiyi anları videolentə də alıb. O, öz videolarında Azərbaycan hərbçilərinin və bir neçə siyasi xadimin də daxil olduğu potensial sui-qəsd hədəflərini açıqlayıb. Əməllərini təsdiqləyən faktlar ifşa olunduqdan sonra isə Ermənistanın yolunu tutub. Rəsmi İrəvansa Bransona qucaq açmaqdan çəkinməyib. Əslində Ermənistanın Bransonu müdafiə etməsinə təəccüblənsək, bu özü təəccüblü olar. Çünki Ermənistanın terroru leqallaşdırması artıq uzun illərdir dünya icmaiyyətinə bəllidir. Bunun ən çox ağrısını elə Osmanlı dövlətinin var olduğu dövrdən bugünədək türk xalqları yaşayıb.