CƏMİYYƏT
Dövlət Su Ehtiyatları Agentliyi "Formula 1" yarışları ilə əlaqədar tədbirlər həyata keçirir
13-15 sentyabr tarixlərində Bakıda keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 2 saylı qarajında təşkil olunan növbəti tədbirdə xüsusi texnika və nəqliyyat vasitələrinə baxış keçirilib. Agentlikdən AZƏRTAC-a məlumat verilib ki, tədbirdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri Köçərli Həsənov, sədr müavini Tahir Xəlilov, Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Samir Cəbrayılov və əməkdaşlar iştirak ediblər. İdarə rəisi Samir Cəbrayılov heyətin hazırlıq səviyyəsi ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, xüsusi texnika və nəqliyyat vasitələri normativ qaydalara uyğunlaşdırılıb. İdarənin nəzdində olan bütün növ avtomobillər baxışdan keçirilib, istismara yararlı vəziyyətə gətirilib.