CƏMİYYƏT


Ağdaşda qətldə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağdaş Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, sentyabrın 7-də saat 23 radələrində Ağdaş rayonu ərazisində yerləşən şadlıq evlərindən birinin qarşısında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin xəsarətlər alması, daha sonra həmin xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub. Araşdırma zamanı 1970-ci il təvəllüdlü Qadir Məmmədovun aralarında yaranmış mübahisə zamanı İlkin İskəndərliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qadir Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.