MƏDƏNİYYƏT


Polad Bülbüloğluna Ermitaj mükafatı təqdim olunub

Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Azərbaycanın Moskvadakı səfiri, Azərbaycanın Xalq artisti Polad Bülbüloğluna Ermitaj Mükafatını təqdim edib.

AZƏRTAC xəbər verir ki, 10-cu Sankt-Peterburq Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində Ermitaj mükafatının təqdimat mərasimi olub.

Ermitaj muzeyinin Qış sarayının Georgi zalında baş tutan mərasimdə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova və Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov, mədəniyyət xadimləri, diplomatlar iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Polad Bülbüloğlu Ermitaj muzeyinə hələ uşaq ikən gəldiyini xatırladıb. Deyib ki, Azərbaycan xalqı II Dünya müharibəsi illərində Sankt-Peterburqda, məhz Ermitaj binasında dahi Nizaminin 800 illik yubileyinin, həmçinin sonralar 850 illik yubileyinin qeyd olunduğunu heç zaman unutmur. Səfir vurğulayıb ki, bu gün mədəniyyət xalqları və ölkələri birləşdirən mühüm amildir.