COP29
Nyu-Yorkda COP29 Sədrliyi və UNICEF-in uşaq və gənclərə həsr olunmuş birgə tədbiri reallaşıb
Nyu-Yorkda UNICEF-ın baş ofisində COP29 Sədrliyinin təşkilatçılığı ilə “Qlobal baxışın uşaqlar üçün təmin edilməsi: Uşaqların və gələcək nəsillərin iqlim fəaliyyətinin mərkəzinə yerləşdirilməsi” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC-ın məlumatına görə, tədbirdə çıxış edən COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, dünyada yaşayan uşaqların yarısı iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan ölkələrdə yaşayır. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, iqlim dəyişikliyi nəticəsində yaranan xəstəliklərin 88 faizi beş yaşa qədər uşaqların üzərinə düşür. COP29 Prezidenti deyib ki, COP28-də tərəflər BƏƏ Konsensusu çərçivəsində uşaq və gəncləri iqlim fəaliyyətinin mərkəzinə yerləşdirməklə mühüm irəliləyiş əldə ediblər.