CƏMİYYƏT
Azərbaycan xalqı şəhidlərini dərin ehtiramla anır
Sentyabrın 27-si tariximizə həm kədərli, həm qürurlu tarix kimi həkk olunub. Dörd il bundan əvvəl başlayan Zəfər yolunda ilk addımlar məhz həmin gün atıldı. Hər günü bir tarix olan 44 günlük qəhrəmanlıq salnaməmizə neçə-neçə igid oğullar öz canları, qanları ilə adlarını yazdırdılar. Müqəddəs amal uğrunda canından keçən şəhidlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də – Anım Günündə minlərlə insan şəhidlərin uyuduğu müqəddəs məkanlara axışır. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.