MƏDƏNİYYƏT
Azərbaycanda ilk dəfə “Nəsimi” operasının təqdimatı olub
20.11.2024 [22:07]
Noyabrın 20-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında ilk dəfə "Nəsimi" operası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dərin fəlsəfəsini, azad ruhunu və humanist dəyərlərini canlandıran bu opera tamaşaçılara onun mənəvi dünyasına səyahət imkanı yaradıb.
Musiqisi Xalq artisti, professor Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsus olan opera Azərbaycan mədəniyyətinə yeni bir nəfəs gətirərək Nəsimi irsini gələcək nəsillərə və dünyaya çatdırmaq məqsədi daşıyır.
Operanın təqdimatından əvvəl jurnalistlərə müsahibə verən Xalq artisti, professor Siyavuş Kərimi deyib: “Bu gün "Nəsimi" operasının ilk premyerasıdır, çox həyəcanlıyam. Böyük əzmlə çalışmışıq ki, opera tamaşaçıların xoşuna gəlsin. Operada böyük mütəfəkkir Nəsimi, onun həyatında baş verən hadisələr əksini tapıb. Əlbəttə ki, bənzərsiz söz xiridarının bütün həyatını bu əsərdə əhatə etmək qeyri-mümkün idi. Amma tamaşaçı üçün maraqlı ola biləcək bir əsər hazırlamağa çalışdıq. Operada çox istedadlı ifaçılar yer alıb. İnanıram ki, tamaşaçıların xoşuna gələcək və operanın ömrü uzun olacaq".