Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sumqayıtda partlayış baş verən ərazidə dağıntılar altından 6 nəfər xilas edilib

03.12.2024 [10:49]

Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır. Dekabr ayının 3-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə və Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində partlayış baş verib. Qeyd olunan faktlarla əlaqədar dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin xüsusi texniki vasitələri və canlı qüvvələri, prokurorluq və polis əməkdaşları cəlb olunmaqla, operativ və təxirəsalınmaz tədbirlər icra olunur. Belə ki, şəhərin 13-cü mikrorayonunda baş verən partlayış nəticəsində 6 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Hazırda onların müalicəsi davam etdirilir.