Azərbaycan Dövlət İnformasiya Agentliyi

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

08.10.2026 [16:33]

Xəbərin mətni

İnsanlıq tarixinin ən mühüm elmi nailiyyətlərindən biri olan DNT əsaslı tədqiqatlar itkin düşmüş şəxslərin identifikasiya prosesində ciddi nəticələr əldə etmək və əsas məqsədlərə çatmaqda xüsusi rola malikdir. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsinin (HTBİ) Genetik Araşdırmalar Mərkəzi bir müddət əvvəl fəaliyyətə başlamasına baxmayaraq, hazırlıqlı kadr potensialının formalaşdırılması və laboratoriyanın beynəlxalq standartlara uyğun texnoloji avadanlıq və cihazlarla təchiz edilməsi nəticəsində elmi əsaslı, obyektiv və etibarlı, eləcə də sürətli və keyfiyyətli genetik ekspertiza xidmətləri göstərmək mümkün olub. Bunu DTX-nin HTBİ-nin rəisi tibb xidməti general-mayoru Rüfət Əliyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə keçirilən "Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: humanitar əməkdaşlıq və etimadın yaradılması" adlı panel sessiyada çıxış edərkən deyib.