Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub

07.12.2024 [13:01]

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın 2-ci mərtəbəsində yerləşən elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində 1-i azyaşlı olmaqla ümumilikdə 5 nəfər bina sakini təxliyə olunub. Yanğın nəticəsində elektrik lövhəsində 5 ədəd sayğac və 5 ədəd qoruyucu açar yanıb. Mənzillər yanğından mühafizə olunub.