Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
12.03.2025 [20:54]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcəyini deyərək, Əsəd Məcid Xanın ölkəmizə səfərinin Zirvə toplantısına hazırlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd etdi. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz təşkilat çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə və gündəlikdə duran məsələlərin irəli aparılmasına öz töhfəsini verməyə hazırdır.