Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kür çayında suyun səviyyəsi artıb: Kürün Sabirabaddan keçən hissəsindən son görüntülər

09.05.2025 [19:13]

Xəbərin mətni

Son günlər intensiv yağışlar Kür çayında da suyun artmasına təsir edib. Çayda artım əsasən mayın 5-dən müşahidə edilir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kür çayının bol sulu dövrü əsasən aprel-may aylarına təsadüf edir. Son günlər yağan intensiv yağışlar isə çayda suyun səviyyəsini daha da çoxaldıb. Əsasən son beş gündə çayın axımı güclənib. Milli Hidrometeorologiya xidmətinin avtomat hidroloji stansiyalarında alınan qeydiyyata görə, Kür çayının aşağı axınında Kür-Surrada 19 santimetr, Kür-Salyanda 42 santimetr, Kür-Şirvanda 48 santimetr, Kür-Bankədə 21 santimetr, Araz çayının aşağı axınında Araz-Novruzluda 17 santimetr, Araz çayının yuxarı axınında isə 19 santimetr artım qeydə alınıb.