Azərbaycan Dövlət İnformasiya Agentliyi

UN-Habitat-ın icraçı direktoru: Mənzil, sadəcə, dörd divar deyil, o, insanların fundamental imkanlara çıxışını formalaşdırır

17.05.2026 [19:25]

Xəbərin mətni

Mənzil anlayışı yalnız dam örtüyü və dörd divardan ibarət deyil. O, insanların fundamental imkanlara – məşğulluq, təhsil, səhiyyə, təhlükəsizlik və sosial statusa çıxışını birbaşa formalaşdırır. Mənzil sistemləri adekvat şərait təqdim etmədikdə, yoxsulluq və cəmiyyətdən təcrid olunma meyilləri daha da dərinləşir, bərabərsizlik isə nəsillər boyu kök salır. Bu, dövrümüzün ən ciddi şəhərsalma problemlərindən biridir. Bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ilk günü “Hər kəs üçün münasib mənzil” mövzusunda tematik panellərin açılışında bildirib.