Muxtar Babayev: Şəhərlər iqlim dəyişikliyi ilə bağlı infrastruktur pozuntuları kimi risklərə daha çox məruz qalır
21.05.2026 [13:19]
Bu gün şəhərlər həm iqlim risklərinin, həm də iqlim həllərinin mərkəzində dayanır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının məlumatına görə, şəhər əraziləri qlobal enerjinin təxminən 78 faizini istehlak edir və dünya üzrə istixana qazı emissiyalarının 60 faizindən çoxunu yaradır. Halbuki Yer səthinin cəmi 2 faizini tutur. Eyni zamanda, şəhərlər daşqınlar, istilik dalğaları, quraqlıqlar, fırtınalar və iqlim dəyişikliyi ilə bağlı infrastruktur pozuntuları kimi risklərə daha çox məruz qalır. Bunlar artıq gələcək risklər deyil. Bu gün dünya üzrə milyonlarla insanın gündəlik həyatına, iqtisadiyyatlara, ictimai sağlamlığa və enerji sistemlərinə təsir göstərir. Bu kontekstdə dayanıqlı yanaşmaların əhəmiyyəti getdikcə artır. Bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Azərbaycanın İlk Milli Davamlılıq Standartının Hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" mövzusunda sessiyada videomüraciət zamanı deyib.