İDMAN


BİZ DƏ HAMI KİMİYİK
Qələbəni başları üstünə qaldıranlar

Bəlkə də nə vaxtsa düşünənlər olub ki, 1 metr 25 santimetr boyla o bunlara nail olmayacaq. Amma Macarıstanda dünya kubokunda o, 140 kiloqram çəkini qaldıraraq qızıl medala layiq görülüb. Bu qəhrəmanımız pauerliftinq üzrə paralimpiya yığmasının üzvü 25 yaşlı Pərvin Məmmədovdur.  

Pərvin Məmmədov, idmançı

“Boyum balacadır deyə ora bura çıxmaq sıxıntılı idi. O, balaca vaxtı olub, indi böyümüşəm, indi fərq etmir mənim üçün. Çox adam çox şey deyə bilər”. 

Pərvin kimi iradəli və güclü idmançılarımız çoxdur. Son yarışı üç qızıl və bir bürünc medalla başa vuran komandamız kişilər arasında birinci yer tutub.

 Elşən Hüseynov, pauerliftinq üzrə paralimpiya yığmasının kapitanı 

“Macarıstanın Eger şəhərində keçirilən dünya kuboku yarışlarında mən Elşən Hüseynov, Pərvin Məmmədov, Şamo Aslanov qızıl, Nurlan Babacanov isə bürünc medal qazandı. Hazırda dünya çempionatı astanasındayıq. Qazaxıstanin Nur-Sultan şəhərində keçiriləcək. O da paralimpiya oyunlarına lisenziya xarakteri verən bir yarısdir. Hazırda ora hazırlaşırıq. Onunla bərabər bütün komandanın fikri birbaşa Tokio paralimpiya oyunlarina yönəlib. Bizim 4 idmançımızın 4-ü də düşür ora. Bir daha bunu Qazaxıstanda təsdiq edəcəyik”.

Son zamanlar xanımlar da ağırlıqqaldırmaya maraq göstərirlər. 14 yaşlı Leylanın ailəsi əvvəlcə onun bu idmanla məşğul olmasına icazə verməsə də sonradan hədsiz marağını görüb razılaşıblar.  

Leyla Kərimova, idmançı

“Çətinlik var, amma həvəslə gəlirsənsə o çətinliyə göz yumursan, öz istəyin varsa, əldə edə bilirsən. Ağırlıqqaldırmada qızlar azdır, mən də istəyirəm ki, qız olaraq nailiyyət əldə edim, böyük uğur qazanım”. 

Fiziki çətinliklərə tabe olmayan bu gənclər zəhmət və inamla hər şeyə nail olmağın mümkünlüyünü göstərən insanlardır. Əsas uğurlar isə hələ qarşıdadır. Onların hədəfi olimpiya çempionu olmaqdır. Bu əzmlə buna nail olacaqlarına isə şübhə yaranmır.