İDMAN


Tokio-2020 Olimpiya Oyunlarının medalları belə olacaq

Tokioda keçiriləcək Olimpiya Oyunlarının təşkilatçıları yarışların başlamasına düz bir il qalmış keçirilən təntənəli mərasimdə Olimpiya medallarının dizaynını təqdim ediblər. Medalların hər birinin üzərində Tokio Olimpiadasının emblemi sferik şəkildə və ənənəvi “itimatsu” yapon naxışları ilə şahmat qaydasında və ağ rəngdə təsvir edilib. Onu hər tərəfdən üçölçülü və çoxşaxəli “burulğan” əhatə edib. Medalın arxa tərəfində qədim mifologiyadan Nika ilahəsinin təsviri var. Medalların dizaynının müəllifi yaponiyalı Cyunyiti Kavanisidir. 

Olimpiya medalının çəkisi 550 qramdır. Onları bütün ölkədə istifadə olunmuş elektronika cihazlarının, xüsusən smartfonlar və planşetlərin hissələrindən hazırlamaq qərara alınıb.

Bu aksiyanın keçirildiyi iki il müddətində şəhərlərin hakimiyyətləri bütün ölkə boyu 79 min ton elektronika toplayıblar. Telekommunikasiya operatoru NTT şirkətinin mağazalarına isə daha 6 milyon mobil telefon təhvil verilib. Bütün bu tədbirlərin nəticəsində Olimpiya medallarının hazırlanması üçün 32 kq qızıl, 3,5 ton gümüş və 2,2 ton bürünc əldə edilib.

Eyni zamanda Olimpiya Oyunlarının robot-maskotunun adı müəyyənləşib. Rəsmi talismana Miraytova adı verilib. Ad iki sözün birləşməsindən ibarətdir: miray - gələcək və tova - sonsuzluq. Paralimpiya Oyunlarının talismanı isə Someyti adlanıdırılıb. 

Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək, Paraolimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır