MƏDƏNİYYƏT


Marionetlər və onları canlandıran aktyorlar – Bakı Marionet Teatrında bir gün

Bakı Marionet Teatrı 1980-ci illərin ortalarında rejissor və rəssam Tərlan Qorçu tərəfindən yaradılıb. Teatrın ilk tamaşası Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının marionet quruluşu olub. Onun premyerası 1990-cu ildə Fransada baş tutub. 2013-cü ildən teatr “İçərişəhər” Baş İdarəsinin strukturuna daxil edilib. Hazırda teatrın yaradıcı heyəti Fransada keçiriləcək festivalda çıxış üçün “Leyli və Məcnun” tamaşasının quruluşu üzərində çalışır.  

Tərlan Qorçu, Bakı Marionet Teatrının bədii rəhbəri

Aktyorların hazırlanmasına çox vaxt sərf olunur. Ən azı aktyor səhnəyə çıxana qədər məşqləri bir il, bir il yarım davam edir. Əvvəla aktyorun çox yaxşı musiqi hissi, ritmi olmalıdır. Aktyor uzun müddət əlində yetərincə ağır kuklanı saxlaya, onu idarə edə bilməlidir. Hər saniyə partnyorları ilə əlaqədə olmalıdır.

Aysel Bədəlova, aktrisa

Dünyada marionet teatrında çalışmaq, kuklalara işləmək üçün heç bir təhsil ocağı yoxdur. Bunu yalnız teatrda işləməklə öyrənmək olar. Bunun üçün mən də daxil olmaqla bütün aktyorlarımız 6 aya yaxın yalnız kuklalarla necə işləmək, onları hiss etmək, ünsiyyət qurmaq üçün vaxt sərf etmişik. Bundan sonra tamaşa üzərində sonsuz iş başlayır.

Tatyana Teryenteva, aktrisa 

Mən bu teatra təsadüfən gəlmişəm. İki həftəlik üçün Bakıya qonaq gəlmişdim. Eşitdim ki, bu teatra aktrisa lazımdır. Gəldim bu teatra vuruldum və budur artıq mən burdayam. Biletimi geri qaytardım və 3 ildir Bakıda yaşayıram. Teatrda mənim əsas vəzifələrimdən biri də Azərbaycan dilini öyrənməkdir.

Tərlan Qorçu, Bakı Marionet Teatrının bədii rəhbəri

Bizim repertuarda “Arşın mal alan” və “Leyli və Məcnun” əsərləri var. Yəqin ki, gələcəkdə Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasına da müraciət edəcəyik.

Fərizə Babayeva, aktrisa

İdarə etdiyim kukla ilə vəhdət təşkil edirəm. Hər ikimizi emosiya idarə edir. Bu emosiyalar hər dəfə yeni bir çalara boyanır. Bu çox qəribədir.

 Tərlan Qorçu, Bakı Marionet Teatrının bədii rəhbəri

Sentyabrın 20-si Fransanın Şarlevil-Mezyer şəhərində dünyanın ən məşhur festivallarından birinə dəvət almışıq. Bu festivalın saytına girib bizim teatr haqqında informasiyaya baxmaq olar.  Sentyabrın 21-i və 22-də hər gün iki tamaşa verməklə şərti ilə biz festivalda iştirak edəcəyik. Çox fərəhli haldır ki, cəmi 15-20 gün əvvəl festivalın tamaşalarına onlayn satışlara başlanıb. Bizim 4 tamaşamıza artıq biletlər tamamilə satılıb. 1 ay əvvəldən bizim tamaşalara bilet yoxdur. Şarlevil-Mezyerdən sonra  sentyabrın 28-i və 29-u Xorvatiyanın Zaqreb şəhərində “Leyli və Məcnun” göstəriləcək.

Hikmət Aydınoğlu, aktyor

Tələbat yarandıqca truppamıza yeni ifaçılar dəvət olunur. 2016-cı ildə yeni yaradılan “Leyli və Məcnun” tamaşasında iştirak etmək üçün bizim truppamıza bir neçə qız qatıldı.  O vaxta qədər aramızda qız yox idi, səhnəmizə ancaq oğlanlar çıxırdı. Əminəm ki, teatrımızın uğurlu xarici səfərlər ənənəsini gənclərin iştirakı ilə də davam etdirəcəyik.

Nəzrin Məcidova, aktrisa

Mən çox sevinirəm ki, teatr kollektivində mənim də əməyimin bəhrəsi var. Həmçinin mən çox şadam ki, Azərbaycan marionet teatrı növbəti qastroluna hazırlaşır və mən də burdayam.

Nazim Hüseynov, aktyor 

Bu teatra gələndə 5 yaşlı uşaq idim. Atam gətirmişdi bura. Ondan sonra bütün işim bu teatrla bağlı idi. Teatrımızın ilk aktyoru olmasam da Polşa, Almaniya, İsveçrə ölkələri kimi səhnələrə çıxmışam.

Əli Allahverdiyev, aktyor

Bu mənim üçün ilk xarici qastrol səfərimdir. Mənim üçün böyük təcrübə olacaq. Əlbəttə, sevinirəm, lakin vaxt yaxınlaşdıqca həyəcan artır, çünki ölkəmizi beynəlxalq səviyyəli festivalda təmsil edəcəyik. Bu tək mənim üçün yox, truppamız üçün böyük bir məsuliyyətdir.