İQTİSADİYYAT


Abşeron rayonunda 23 küçə və yol təmir olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Sərəncamı əsasən, AAYDA tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərin icrası davam etdirilir. Sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində avtomobil yollarının əsaslı təmiri məqsədilə 19,7 milyon manat ayrılıb. Agentlik tərəfindən rayonun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan 23 küçə və yolda təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, bu istiqamətdə işlər davam etdirilir. Ümumilikdə təmir işlərinin əhatə edəcəyi sahə 240 min kvadratmetrdir.