İQTİSADİYYAT


Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda gözlənilən vergi güzəştləri İnfoqrafika

İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim edilib. Təkliflər paketində bir sıra vergi güzəştləri və tətillər nəzərdə tutulur. Təkliflər paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergiödəyicilərinə 2020-ci il yanvarın 1-dən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma təklif edilir. Koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergiödəyicilərinə seçdikləri vergitutuma metodundan asılı olaraq, bu il yanvarın 1-dən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi planlaşdırılır. Koronavirus pandemiyasının mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlər də verilə bilər. Bu güzəştlər vergiödəyicilərinin vergi və inzibati yükünün azaldılmasını nəzərdə tutur.