İQTİSADİYYAT


Şəmkirin Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolu yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 17 kilometr uzunluğa malik və çınqıl örtükdən ibarət yerli əhəmiyyətli Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunda qabarma və çökmələr əmələ gəlmişdi. Yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir və torpaq yatağının orta eni 5.0-7.0 metr arasında dəyişir. Yolun torpaq yatağının karxana çınqılı ilə əsaslı şəkildə təmir olunmasına zərurət yaranıb. Yolboyu mövcud suötürücü borular və boruların başlıq hissələri dağılmışdı. Bu üzdən boru başlıqlarının yenidən təmir olunmasına və əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac vardı. Sadalanan problemlərin aradan qaldırılması üçün hazırda avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulur.