Ötən ay 44 min 751 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub
01.05.2020 [10:45]
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar aprelin 30-u saat 00:00-dan mayın 1-i saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 30-u saat 00:00-dan mayın 1-i saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 735 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 44 min 751 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.