İQTİSADİYYAT


Dağlıq rayonlarda taxıl biçini üçün yeni kombaynlar alınacaq

Mayın sonlarından etibarən ölkədə taxıl biçininə start veriləcək. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, hazırda rayonlarda kombayna olan tələbat araşdırılır.

Vüqar Hüseynov, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri
“Bu gün ölkəmizdə taxıl biçininə cəlb olunacaq 1700-dən artıq kombayn var. 728 kombayn “Aqrolizinq” ASC bazasında olan Aqroservislərdədir, digərləri isə fiziki və hüquqi şəxslərin istifadəsindədir. Ötən il olduğu kimi 50 hektardan aşağı təsərrüfatlarda biçinə öz kombaynlarımızı cəlb edəcəyik, 50 hektardan yuxarı təsərrüfatlarda biçini isə təsərrüfat sahibləri öz texnikaları hesabına aparacaq”.
Dağlıq ərazilərdə aparılan biçinlə bağlı yaranan problemlər də aradan qaldırılacaq. Prezident İlham Əliyev aprelin 30-da “Aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 28 milyon manat vəsait ayrılıb. “Aqrolizinq” ASC tərəfindən 125 yeni kombaynın alınması nəzərdə tutulur. Bu kombaynlar relyefi çətin olan rayonlarda biçin aparacaq.

Vüqar Hüseynov, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri
“Alınacaq texnikaların bir qismi dağlıq şəraitdə biçin aparmaq üçün nəzərdə tutulan texnikalardır. Ötən illər ərzində taxıl biçini zamanı relyefi çətin olan sahələrin biçinində problemlər yaşanırdı. Bu cür sahələrdə biçin köhnə Sovet istehsalı olan köhnə SK5 dediyimiz kombaynlar vasitəsi ilə aparılırdı və təbii ki, bu cür mexanizatorlarla işləmək riskli olduğuna görə, bu sahələri biçmək istəmirdilər. Dövlət bu məsələni də öz üzərinə götürür və yeni alınacaq kombaynlar məhz dağlıq ərazilərdə xüsusi ilə də Lerik, Yardımlı, Cəlilabad, Tovuz, Şəmkir, Gədəbəy rayonlarının dağlıq ərazilərində biçin aparacaq”.

Qeyd edək ki, bu ilin məhsulu üçün respublikamızda 1 milyon hektardan çox sahədə taxıl əkilib. Taxıl əkinlərinin 641 min hektarını buğda, 369 min hektarını arpa sahələri təşkil edir.