İQTİSADİYYAT


Bakıya gətirilən yeni metro qatarlarının hansı özəllikləri var REPORTAJ

“Bakı Metropoliteni” QSC-nin bu il üçün sifariş etdiyi 4 yeni qatar Bakıya gətirilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, qatarlar vaqonlararası birbaşa keçid konstruksiyalıdır. Bu, vaqonun tutumunu 15 faiz artırmaqla, sərnişinlərin qatar boyunca bərabər paylanmasını təmin edir. Bu vaqonların da qapıları enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər, uşaq və əlil arabaları üçün sahələr də ayrılıb. Tutacaqlar sərnişin sıxlığına uyğunlaşdırılıb. Yeni vaqonların daha bir fərqləndirici cəhəti odur ki, orijinal işıq qrafikası Bakı vaqonları üçün xüsusi olaraq işlənib. Baş vaqon faralarının dizaynı dəyişdirilib, informasiya sistemi yerli şəraitə uyğunlaşdırılıb. Vaqonların istilik və səs-küy izolyasiyası yaxşılaşdırılıb. İzolyasiyanın etibarlığı kondisioner və ventilyasiya sisteminin də daha effektiv işləməsini təmin edib. Kondisioner sisteminin havanı avtomatik zərərsizləşdirməsi virus və bakteriyalardan əlavə mühafizə imkanıdır. Salonda quraşdırılan diodlu lampalar işıq selinin gücünü çoxaldıb-azaldır və müvafiq erqonomik ab-hava yaradır. Kondisioner sistemi "Bakı Metropoliteni" QSC-nin texniki şərtləri nəzərə alınmaqla, yerli iqlim şəraitinə uyğunlaşdırılmaqla hazırlanıb. Tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırmaqla, salonlarda havanın bərabər paylanmasına xidmət edir. Vaqonlarda daxili və xarici videomüşahidə sistemləri də var. Bu sistem maşinistə qatarı bütünlüklə nəzarətdə saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha yaxından müşahidə etməyə, ətrafındakı vəziyyəti qiymətləndirməyə imkan verir.