CƏMİYYƏT


Paytaxtda “narkotacirlərə” qarşı əməliyyat keçirilib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə Pərviz adlı şəxsin Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs - paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Pərviz Məmmədəliyev tutulub. Onun Sabunçu rayonunda yaşadığı evə baxış keçirilən zamanı 755 qram həşiş qətranı, 242 qram heroin, 59 qram metamfetamin, 31 ədəd metadon həbi, 2 elektron tərəzi və sandıqçasında 4 patron olan “Sieger” markalı qaz tapançası aşkarlanaraq götürülüb.