İQTİSADİYYAT


Dünyada iqtisadi tənəzzül olsa da, ölkəmizdə sosial layihələr davam etdirilir - Lənkəranda 16 kəndin yolu əsaslı təmir olunur

Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Lənkəranda növbəti yol layihəsinin icrası rayonun 39 mindən çox əhalisinin yaşadığı 16 kəndi əhatə edəcək.
AZƏRTAC xəbər verir ki, Lənkəranın ayrı-ayrı kəndlərində ümumi uzunluğu 38 kilometr olan yolun asfaltlanmasına iki aya yaxındır başlanılıb. Yol təmiri işləri 16 yaşayış məntəqəsində həyata keçirilməklə, ümumilikdə, 40 minə yaxın sakinin rahat gediş-gəlişi üçün gözəl şərait yaradacaq. Hazırda şəhərə ən yaxın olan Sütəmurdov, Velədi, Gərmətük kəndlərində əsas hərəkət yollarına asfalt döşənir. Ərazidə xeyli sayda texnika çalışır. Yol boyu suötürücü qurğular təmizlənir, abadlıq işləri görülür.