İQTİSADİYYAT


Faktorinq əməliyyatları üzrə ƏDV əvəzləşmə mexanizmi işə salınıb

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda kiçik və orta biznesin (KOB) maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi prioritet istiqamətlərindən biri kimi nəzərdə tutulub.
Məlum olduğu kimi, sahibkarlıq subyektlərinin əməliyyatlarının faktorinq aləti vasitəsilə çevik şəkildə kreditləşdirilməsindən aktiv istifadə edilir, bu alət biznesin maliyyə yükünün azaldılması və likvidlik səviyyəsinin artırılması istiqamətində bazara ciddi şəkildə təkan verir.
Təcrübədə istehsalçılar və topdansatış ticarət fəaliyyətini həyata keçirən biznes subyektləri tərəfindən satılan malların dəyəri adətən 2-3 ay ərzində və bəzi hallarda daha gec müddətdə geri ödənilir. Bu isə, istehsalçı və topdansatış ticarət subyektlərinin fəaliyyətində nağd pul çatışmazlığına səbəb olur. Belə vəziyyətdə banklar faktorinq alətindən yararlanmaqla biznes subyektlərinin maliyyə likvidliyini təmin edir və alıcılardan vəsaitlərin daxil olması ilə bağlı çətinliklər aradan qalxır.