İDMAN


Kikboksçu Alim Nəbiyev bu gün Parisdə Sedrik Dumbe ilə qarşılaşacaq

AZƏRTAC xəbər verir ki, “Glory” kəmərinə iddialı Alim Nəbiyev sabah Parisin “Le Zénith Paris - La Villette”də bir il əvvəl məğlubiyyətə uğratdığı indiki çempion Sedrik Dumbe ilə qarşılaşacaq. “Professor” ləqəbli Alim Nəbiyev 77 kq çəki dərəcəsində dünya reytinqi üzrə bir nömrəli kikboksçu hesab edilir. 7 qat dünya və 3 qat Avropa çempionu olub.
Fransa mətbuatı azərbaycanlı kikboksçu ilə döyüşün asan olmayacağından xəbər verir. “Bir nömrəli Alim Nəbiyevlə parisli Sedrik Dumbe arasında döyüş çox gərgin keçəcək. Professor ləqəbli Alim Nəbiyev artıq Sedrik Dumbe ilə 3 döyüşün hər birini udub və ümumiyyətlə, “Glory” turnirinin 5 dəfə qalibi olub”, - deyə Fransanın idman mətbuatı “Glory 66” turnirinin çempionu adını almağa gəlmiş azərbaycanlı kikboksçu Alim Nəbiyev haqqında yazıb.
Qeyd edək ki, iyunun 22-də yerli vaxtla saat 19:00-da “Le Zénith Paris - La Villette”də keçiriləcək “Glory 66” kikboks üzrə dünya çempionatında 3 döyüş olacaq. Turnirin çempion adı uğrunda Sedrik Dumbe və Alim Nəbiyev, Artem Vaxitov və Donegi Abena, qadınlar arasında isə Anissa Meksen və Sofia Olofsson mübarizə aparacaqlar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris