SİYASƏT


Bir neçə saata dağıdılan “Ohanyan xətti” və uğurlu Füzuli əməliyyatı – Qəhrəman Azərbaycan əsgəri danışır

1993-cü ilin 23 avqustu. Bir vaxtlar bu tarix Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də xalqa çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir... Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”