MƏDƏNİYYƏT


Prezidentin köməkçisi: Təcrübəmiz göstərir ki, məhz sülh olduğu şəraitdə mədəniyyətin inkişafından da danışmaq olar

Azərbaycan dövlətinin sülhpərvər siyasətinə uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən sülh mədəniyyət naminə konsepsiyanı irəli sürülüb. Vaxtilə UNESCO çərçivəsində və digər təsisatlarda mədəniyyət sülh naminə konsepsiyalar irəli sürülsə də, Azərbaycanın acı təcrübəsi, yəni, işğal və Ermənistanın təcavüzü ilə assosiasiya olunmuş təcrübəmiz göstərir ki, məhz sülh olduğu şəraitdə mədəniyyətin inkişafından da danışmaq olar. Otuz illik işğal dövründə Azərbaycanın mədəniyyət abidələrinin, Qarabağda mədəni izimizin və irsimizin dağıdılması, vəhşicəsinə talan edilməsi bunun bariz nümunəsidir. Ona görə də bu gün regionda sülh təmin olunandan sonra Prezident İlham Əliyevin və Azərbaycan Hökumətinin atdığı ilk addımlardan biri Qarabağda mədəniyyətin yenidən çiçəklənməsi, inkişaf üçün yeni şəraitin yaradılmasından ibarət oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.