Laçın şəhərində yolların bərpası yaxın müddətdə yekunlaşacaq
05.10.2023 [10:36]
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Laçın şəhərinin daxili yollarının bərpası layihəsini sürətlə və keyfiyyətlə icra edir.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, uzunluğu təqribən 70 km təşkil edən Laçın şəhərinin daxili yollarının yenidən qurulması mərkəzi küçələrin və məhəllədaxili yolların bərpasından ibarətdir. Küçə və məhəllədaxili yolların eni 4-11 metrarası dəyişir.
Layihə çərçivəsində yararsız örtük sökülür, zəruri olan yerlərsə yararsız qrunt qazılaraq çıxarılır, ardınca yararlı materiallardan istifadə olunmaqla əks-dolğu işləri icra olunur, yeni yol yatağı və yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir. Artıq bir çox küçə və yollarda sadalanan işlər yekunlaşıb.