CƏMİYYƏT


Ucqar kənddə çalışan fədakar gənc müəllim

Son illər müəllimlik peşəsinə yiyələnən gənclərin mərkəzi şəhərləri deyil,, xüsusən ucqar kənd məktəblərini seçməsi və bir çox çətinliyə rəğmən fədakarlıq göstərməsi təqdir ediləndir. İndi əksər gənclər paytaxtda işləməyə can atdığı halda əslən Lerikdən olan Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhriyar Bəhmənov Zaqatalanın ən ucqar Ələsgər kəndini seçib. Şəhriyar müəllim həftənin 4 günü Zaqatalanın mərkəzindən Ələsgər kəndinə dərs keçməyə gedir. Şəhriyar müəllim artıq iki ilə yaxındır Ələsgər kənd ümumi orta məktəbində dərs deyir. Şəhər mərkəzindən ucqar kəndə gəlmək üçün hər səhər saat 6-da evdən çıxır. Yol nə qədər uzun və üzücü olsa da, məktəbin həyətinə qədəm qoyan andan hər şey unudulur. Deyir ki, elə Lerikdə də uşaqlıqdan ucqar kənddə böyüyüb və bu əziyyətə öyrəşib. Ona görə də belə ucqar kənd seçib ki, orada yaşayan uşaqlara dərs desin, onları sabaha hazırlasın.