ELM VƏ TƏHSİL


Monitorinq Mərkəzində Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva ana dilini və əlifbanı milli kimliyimizin göstəricisi, xalqın sərvəti və varlığının təsdiqi kimi dəyərləndirib. Dövlətimizin ictimai-siyasi həyatında və yazı mədəniyyəti tarixində mühüm hadisə olan latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam təmin edilməsində, ana dilinin milli dövlətçiliyimizin əsas atributu kimi təsdiq və qorunmasında, eləcə də dil siyasətinin formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışan professor dilimizin dövlət dili statusuna yüksəlməsini xalqın dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilin zənginliyinin sübutu kimi qiymətləndirib.