RƏSMİ
Prezident İlham Əliyev Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbin binasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma məktəbdə yaradılan şərait barədə məlumat verdi.
Diqqətə çatdırıldı ki, ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.